Əsas məzmuna keç

Heca şeiri

Şair vaxtı

Zəlimxan Yaqub

2

Vaxt olar, zəhmətin zay olar, heç olar, Vaxt olar, qurbanın xınalı qoç olar. Vaxt olar, qazancın vədəsiz köç olar, Bu dünya bir dəniz, sən onun adası, Bu, şair baxtıdı, darılma, qadası!

Çəkilməz ağrısı, daşınmaz yükü var, Buludda budağı, torpaqda kökü var, Şeşindən min dəfə çox gələn yeki var, Dünyanın zəhrini şairlər dadası, Bu, şair baxtıdı, darılma, qadası!

Söz olub dodaqdan-dodağa qonmaqdı, Köz olub yandırmaq, od olub yanmaqdı, Ayazda üşümək, şaxtada donmaqdı, Axırda qismətin ya oddu, ya da su, Bu, şair baxtıdı, darılma, qadası!

Ulu söz gözlərə işıqdı, çıraqdı, Əllərdə silahdı, dillərdə yaraqdı. Səninki dəftərdi, qələmdi, varaqdı, Kiminin işi çox, kiminin ədası, Bu, şair baxtıdı, darılma, qadası!

Vaxt olar, qoruyub üstündə əsəllər, Vaxt olar, küsdürər, vaxt olar, küsəllər. Dərini soyallar, başını kəsəllər, Min ildən sonra da kəsilməz sədası, Bu, şair baxtıdı, darılma, qadası!

Baxma ki, başında tufan var, şimşək var, Bağında həmişə dərməyə çiçək var, Allahın sənə ki verdiyi ürək var, Hamının odudu, hamının odası, Bu, şair baxtıdı, darılma, qadası!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.