Əsas məzmuna keç

Heca şeiri

Şair ürəyi

Zəlimxan Yaqub

1

Sevinc – qəm, payız – bahar, nə varsa bəxtimizdə, Ömrün xəritəsində cızar şair ürəyi. Gah zərif uşaq kimi yumşaldar ürəkləri, Gah köhnə dəmir kimi qızar şair ürəyi.

Əbədi vəzifə döyüş olar, cəng olar, Gah quzuya çevrilər, gah qızmış pələng olar. Şairin göz yaşıyla axar, həmahəng olar, Damla-damla varağa sızar şair ürəyi.

Yeddi qatın içindən yetmiş yeddi qat tapır, Ömrü axtarışdadır, söz adlı sovqat tapır. Qırx arşın quyuya sal, orda da həyat tapır, Tanımaz ölüm-itim, məzar, şair ürəyi.

Varlığında ləkə yox, dumdurudu niyyəti, Əqidəsi yolunda soyular, susmaz qəti. Onda körpə saflığı, uşaq səmimiyyəti, Hər şeyi yaxşılığa yazar şair ürəyi.

Quru bir daşa dönər, elsiz gülməz, ağlamaz, Hansı ürək el üçün havalanmaz, çağlamaz? Özgənin qələminə ümidini bağlamaz, Özü öz taleyini yazar şair ürəyi.

2005, 21 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.