Şair süfrəsi
Bu süfrəyə uzanan əllərimdə ləkə yox, Bu süfrənin üstündə haram adlı tikə yox. Burda yavan çörək var, burda yağlı tikə yox, Bu süfrə duasını özün oxu, İlahi!
Bu nurlu halallığın kökü dərindən gəlib, Saflığı dağ çeşməsi, suyu sərindən gəlib. Bu əlin qabarından, alın tərindən gəlib, Bu süfrə duasını özün oxu, İlahi!
Niyə halal yeyəndə zəhər dönüb bal olmur? Niyə haram yeyəndə dillər dönüb lal olmur? Hamının süfrəsində həmişə halal olmur, Bu süfrə duasını özün oxu, İlahi!
Hər süfrə bir ocaqdı, hər gözdə bir işıq var, Hər süfrənin başında məhəbbət, barışıq var. Bəndənin duasında nəsə bir qarışıq var, Bu süfrə duasını özün oxu, İlahi!
Haqqın dediklərini bəndələr poza bilər, Nə bir günah tanıyar, nə qorxu, cəza bilər. Duasız insan oğlu yolundan aza bilər, Bu süfrə duasını özün oxu, İlahi!
Bu süfrədə kitab var, qələm, bir də mürəkkəb, Yaşaran göz, yanan can, coşan ilham, daşan təb, Bu süfrənin neməti ulu söz, ali məktəb, Bu süfrə duasını özün oxu, İlahi!
Bu, şair süfrəsidi, artıq tamahdan uca, Savabdı başdan-başa, durar günahdan uca. Kimdi sözün sahibi, qadir Allahdan uca? Bu süfrə duasını özün oxu, İlahi!