Əsas məzmuna keç

Heca şeiri

Şair qələmiylə işin olmasın

Zəlimxan Yaqub

1
Bir nadanın atdığı daşa cavab

Mənə o qələmi nə sənin dədən, Nə vəzir, nə vəkil, nə də şah verib. Ona söz atmasın hər gəlib-gedən, Onu Zəlimxana bir Allah verib.

Yaz deyib sevinci, yaz deyib qəmi, Fitnəyə verməyib, fəndə verməyib. Allahdan almışam mən o qələmi, Mənə o qələmi bəndə verməyib.

Qələm sındırmağa yaranmamışam, Hünərin çatırsa, gəl sındır onu. Əgər bacarırsan, tək bircə axşam, Yazmaq həvəsindən daşındır onu.

Qələmin dünyası ocaqdı, pirdi, Qələm sındıranlar şümürdü, bala. Bu nifrət qəlbinə nə zaman girdi, İçini nə zaman gəmirdi, bala?

Baxdım bostanıma atılan daşa, Əl sənin əlindi, daş sənin deyil. Gülməli səhnədi, qəmli tamaşa, Ağıl özgənindi, baş sənin deyil.

Sən daş at, mən sənə pambıq ataram, Yaralı canımı daş ağrıtsa da. Boş dedi-qodular gəldi-gedərdi, Könüllər sındırıb, baş ağrıtsa da. Səni kim bu yola çəkib aparıb, At getsin, fırlansın daş ona dəysin. Sonradan başıma qaxınc etdiyin Əvvəlki sevgin də başına dəysin.

Haqqın qəzəbinə gələrsən, bala, Bu qələm “Saz” yazıb, “Ələsgər” yazıb. Ərənlər sözüylə çatıb vüsala, Hər ulu kişiyə bir əsər yazıb.

Hər sevgi, hər barış bir yeni dastan, Nifrət qəzəblərə, nifrət kinlərə. Bu qələm dərs alıb Dərviş Yunusdan, Bu qələm yas tutub “Didərginlər”ə.

Ey qələm sındırmaq istəyən naşı, Allahın danışan dilidir qələm. Şairin əlində od parçasıdı, Cahilin əlində ölüdür qələm.

Fərhad külüngüdü Şirin yolunda, Hasardı, qaladı şərin yolunda, Can verib ocağın, pirin yolunda, Ulu ustadların yoludur qələm.

Göydə bir mələkdi, yerdə pəridi, Yanan üfüqlərin parlaq zəridi, Coşanda Koroğlu dəliləridi, Sevəndə Məcnuntək dəlidir qələm.

Dərvişdi, ozandı, eldi, aşıqdı, Yaradan əllərə bir yaraşıqdı, Harda qaranlıq var, orda işıqdı, İnsanın xilaskar əlidir qələm.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.