Şair qapısı
Şair qapısını ürəklə açın, Hər sabah bu qapı xeyrə açılır. Şair qapısına dönən ağacın, Nəfəsi nəğməyə, şeirə açılır.
İsti nəfəsləri canına çəkdi, Tez-tez açılmaqdı istəyi onun. Bağlı qalacaqsa kimə gərəkdi, Qızıldan olsa da dəstəyi onun.
Bu qapı güldürən, bu qapı gülən, İstər payız açın, istər yay açın. Tək qanad açılsa, darıxar insan, Qorxmayın, siz onu taybatay açın.
Bağlı qapılara, kar otaqlara, Ana şeirimizin özülü gəlməz. Bircə gün qapını bağlı saxlasam, Bizim evimizə Füzuli gəlməz.
Açıq qapıların ürək dostudur, Könül sultanları, könül şahları. Can içində candı, nur içində nur, Fikir tanrıları, söz allahları.
Həmişə qərq olar qaranlıqlara, İşığın üzünə örtülən qapı. Ömründə bir qonaq üzünə gülməz, Zorla aralanan, dartılan qapı.
Şair qapısını ürəklə açın, O evdə dahilər, adilər yaşar. Orda Nəsimilər, Şah Xətailər, Cavidlər, Vurğunlar, Hadilər yaşar.
Şair qapısını ürəklə açın, Hər sabah bu qapı xeyrə açılır. Şair qapısına dönən ağacın, Nəfəsi nəğməyə, şeirə açılır.
2010, 7 oktyabr