Əsas məzmuna keç

Qoşma

Şair ömrü

Zəlimxan Yaqub

1

Şairlərin qatarında bir durnadı, Durna kimi səf-səf olur şair ömrü. Yerdə çiçək, göydə ulduz, ruhda qanad, Ağ sularda sədəf olur şair ömrü.

Ağrı çəkib, dərd daşımaq canındadı, Sözlə yatıb, sözlə durmaq qanındadı. Yıxılanın, əzilənin yanındadı, Tərəfsizə tərəf olur şair ömrü.

Müqəddəs süd, sağlam özül, halal maya, Damla-damla dönür selə, dönür çaya. Bir ocaqda göz açsa da, bu dünyaya, Bir millətə şərəf olur şair ömrü.

Haqqa doğru yol getsə də yavaş-yavaş, Ağılına nöqsan tutur hər ağlı çaş. Ona dəyir hər nadanın atdığı daş, Böhtanlara hədəf olur şair ömrü.

2002, 5 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.