Şair ömrü
Şair olan öz ömrünü yaşamır, Dərdin, qəmin bol ömrünü yaşayır. Yolçuların yoldaşına çevrilir, Cığır açır, yol ömrünü yaşayır.
Göy üzündə ulduzlanır, aylanır, Yer üzündə çeşmələnir, çaylanır. Çəmənlərdə çiçək-çiçək paylanır, Bağçalarda gül ömrünü yaşayır.
Təmizlikdə zirvələrin qarıdı, Təbiətin ən vəfalı yarıdı, Ləçəklərdən şirə çəkən arıdı, Pətəklərdə bal ömrünü yaşayır.
Haqdan deyər danışanda, dinəndə, Haqqa baxar ucalanda, enəndə. Qeyzə gəlib Koroğluya dönəndə, Saz kökündə zil ömrünü yaşayır.
İgid olur, millətinə şan verir, Şəhid olur, yarasından qan verir. Məcnun olur, səhralarda can verir, Kərəm kimi kül ömrünü yaşayır.
Sınaqlarda polad kimi sərt olur, Mərd doğulur, mərd böyüyür, mərd ölür. Ömrü boyu daşıdığı dərd olur, Ömrü boyu fil ömrünü yaşayır.
İşıq olur, yerə zülmət çökəndə, Ana olur, el qayğısı çəkəndə. Haqsızlığın sarayını sökəndə, Çay ömrünü, sel ömrünü yaşayır.
İldən-ilə, aydan-aya bağlanır, Çeşmə kimi axıb çaya bağlanır. Bir dünyadı, min dünyaya bağlanır, Xalq ömrünü, el ömrünü yaşayır.