Şair gözlərindən yuxu qaçanda
Torpaq ayağının altından qaçır, Üfüqlər başının üstündən qaçır. Elə bil kim isə doğma yerindən, Kim isə ən əziz dostundan qaçır, Şair gözlərindən yuxu qaçanda.
Bir az havasını kökləyə bilmir, Əlinin altından gümüş sim qaçır. Kiminsə ürəyi qubar bağlayır, Solmuş dodağından təbəssüm qaçır, Şair gözlərindən yuxu qaçanda.
Yerə də, göyə də salır vəlvələ, Dənizdə qasırğa, dağda zəlzələ. Körpülər qorxulu, keçidlər çətin, Kiməsə pusqu var, kiməsə tələ, Şair gözlərindən yuxu qaçanda.
Yetimtək boynunu burub gözləyir, Qürbət yollarında qərib gözləyir. Kiminsə həsrəti vüsala dönmür, Kiminsə ömrünü qürub gözləyir, Şair gözlərindən yuxu qaçanda.
Ən xoşbəxt anını itirib, demək, Xəstə dərmanını itirib, demək. Əyilib tərəzi, pozulub nizam, Dünya sahmanını itirib, demək, Şair gözlərindən yuxu qaçanda.