Əsas məzmuna keç

Qoşma

Şair başdan-başa təbiət olub

Zəlimxan Yaqub

1

Baxmaqla doymuram bu gözəlliyə, Gördüyüm nə varsa, təravət olub. Bütün arzularım dönüb gerçəyə, Bütün xəyallarım həqiqət olub.

Şairin ruhu var hər sarı teldə, Zərrədə, damlada, yağışda, seldə. Şairsiz ölkədə, şeirsiz eldə, Nə söz gözəlləşib, nə hikmət olub.

Dəli duyğuları, dolu həvəsi, Dağıdar zindanı, qırar qəfəsi. Nəyə toxunubsa şair nəfəsi, Onda bir tükənməz bərəkət olub.

Ulduzla doludu göylərin üzü, Çiçəklə doludu dərəsi, düzü. Ən böyük şairdi təbiət özü, Şair başdan-başa təbiət olub.

Bəndənin nəyi var Allahındadı, Hünəri eşq adlı silahındadı, Uca söz Peyğəmbər dərgahındadı, Bu gün Zəlimxana bu, qismət olub.

2002, 31 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.