Şair arzusu
Hamı işığını keçirib yatır, Yuxunu canına köçürüb yatır. Kimi təzə tapıb xoşbəxtliyini, Kimi bəxt quşunu uçurub, yatır.
Kasıb yorğanına qor dolub, yatır, Üşüyən canına qar dolub, yatır. Kimi sevincindən yatağa sığmır, Kiminin qazancı dərd olub, yatır.
Başının üstündən gecə qalxacaq, Cavan oyanacaq, qoca qalxacaq. Xoşbəxtlər quş kimi qanad açacaq, İlahi, bədbəxtlər necə qalxacaq?
Acı yuxuları bal eylə, Allah, İnsan sevgisini bol eylə, Allah. Hamı xoşbəxtliyə yollar axtarır, Hamıya, hamıya yol eylə, Allah.
“Muştuluq!” deyənin nəmərini ver, Sevincin, şadlığın xəbərini ver. Hamının gecəsi gecədə qalsın, Hamının işıqlı səhərini ver.
2005, 18 iyul Kislovodsk