Şair ağrısı
Ağrıya-ağrıya şeir yazanda, Qələm də ağrıyır, varaq da, söz də. İllərin əzabı yük olur canda, Ürək də bulanır, baxış da, göz də.
Yığılır içəri sellər, tufanlar, Gözdən yaş çıxmır ki, gözə qan çıxır. Ağrılar içində əriyir anlar, Şair imtahandan, sınaqdan çıxır.
Axtarır dayazı, gəzir dərini, Tanıyır yaxşını, yamanı, bədi. Dünyanın ən böyük şairlərini, Ən böyük ağrılar şair eylədi.
2010, 9 mart