Əsas məzmuna keç

Müxəmməs

Şah dağı

Aşıq Ələsgər

1

Aləmdə dastan olub Səddin, sorağın, Şah dağı! Açılıb nərgiz, bənövşən, Əcəbdi çağın, Şah dağı! Abi-Kövsər kimi axır Çeşmən, bulağın, Şah dağı! Heyif ola bu çeşmədən Yoxdu bir sağın, Şah dağı! Müxənnət yaylar köysündə, Pozar damağın, Şah dağı!

Haqq səni cənnət yaradıb, Qanan yoxdu, qədrin bilə; Sədrin badi-səfasından Xəstə könlüm gəldi dilə; Mürğ tək balü-pər açdım, Oxudum döndüm bülbülə; Bir gözəl keçdi qarşıdan Gözlərindən gülə-gülə; Dağıtdı ömrüm qalasın Nə çoxdu yağın, Şah dağı!

Süsən, sünbül, gül, ərğəvan Köysündə laləzar verib; Alan, satan gözəllərdi, Nə rəvac bazar verib; Damənin çahar fəslidi, Hər meyvə bitib, bar verib; Xudam səni çox bəyənib. Bir belə ixtiyar verib; Dalın dənizə söykənib, Kürdü ayağın, Şah dağı!

Bir tərəfin Çənbərəkdi, Görənin həvəsi gəlir; Topaşandan qəflə işlər, Gəncənin meyvəsi gəlir; İstanbulun al qumaşı, Bağdadın xurması gəlir; Oxuyur türfə gözəllər, Kəklik tək sədası gəlir; Aşıq üçün cənnət qoxur Daşın, torpağın, Şah dağı!

Mən gəzmişəm Qafqazyanı, Haqq səni bir xəlq eləyib; Ağrı dağı padişahdı, Səni vəzir xəlq eləyib; Çiçəklərin kimyədi, Daşını dürr xəlq eləyib; Boyun minadan çəkilib, Sərində pir xəlq eləyib; Muroy, Muşoy, Murğuz, Kəpəz Olmaz yamağın, Şah dağı!

Hansı iyid dara düşsə, Nəzir deyir, yada salır; Yeddi kralın qaçağı Pənahlanıb, səndə qalır; Kor gəlsə, şəfa tapır, Müztər gəlsə, mətləb alır; Saatda yüz çiçək açır, Hər biri bir irəng çalır; Belə məlum, qüdrətdəndi Küpün, boyağın, Şah dağı!

Xudam səni xoş yaradıb, Hər kim görsə, xoşlayacaq; Yay gözəl seyrəngahısan, Qışda maral qışlayacaq; Yazıq Ələsgər yolunda Başla can bağışlayacaq; Hayıf, səndən incik gedir, Ərzi-giley başlayacaq; Özünə də məlum olsun, Küsüb qonağın, Şah dağı!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.