SEYYİDİN MÜNACATI
Cahan cəhəndədən, ey dustlər, kinayətdir, Təsəvvür eyləmə kim, çayi-istirahətdir. Əbəs cahan ona ad qoymadılar, ey arif, Cahan çü bərqi-cəhəndə məqami-sürətdir. Yüz il gər ömr edəsən, can yetən zamanda sona, Belə təsəvvür olur, doğduğun bu saətdir. Əgər min il edəsən ömr sən də Nuh kimi, Səfineyi-əməlin qərqi-bəhri-rehlətdir. Cahan nə Xızra vəfa eyləyər, nə İlyasə, Bu bivəfayə ümid eyləmək səfahətdir. Qiyamətin qopar ol gün ki, rehlət eylərsən, Cahanda hər nəfəsin, bəlkə, bir qiyamətdir. Xoş ol ki, xitteyi-əcsamə basmayıbdı qədəm, Məqami-ruhdə bilqeyb cism rahətdir. Nə gəlməyibdi cahanə, nə çəkməyib möhnət, Diyari-paki-ədəmdə yatıb, fəraqətdir. Nə yarə aşiq olub, nə çəkir qəmi-hicran, Nə karı ahü fəğandır, işi nə möhnətdir. Təsəvvür eyləmə kim, dövlət ilə rahət olur, Kimin ki dövləti çoxdur, qərini-zəhmətdir. Puli-məcazdü dünya, əgər onu keçəsən, Könül, o səmtə yolun kişvəri-həqiqətdir. Zəmanə məzrəədir, onda ək əməl töxmin, O töxm hansıdı? Bil: taətü ibadətdir. Üzü qara, əli boş, çakərindi Seyyidi-zar, Ümidi səndən onun lütfdür, inayətdir. Əgər behiştə aparsan, təfəzzülündəndir, Əgər cəhənnəmə salsan, yenə ədalətdir. Bu qədr cürm ilə səndən deyil könül novmid, Bilibdi dərgəhi-mövlani babi-rəhmətdir. Cəza günündə bizim kimi rusiyahlərə, Mühəmmədi-ərəbi sahibi-şəfaətdir.