Seyrə çıxıb Xan qızı
Bağça cənnət bağçası, Gülə bax, gülnən gəzir. Seyrə çıxıb Xan qızı, Qırx incəbelnən gəzir.
Dil-dodağı qənd olub, Zülfləri kəmənd olub. Kəmər belə bənd olub, Yaylığı yelnən gəzir.
Çeşməsi çaya bağlı, Eşqi dəryaya bağlı. Ömür saraya bağlı, Şöhrəti elnən gəzir.
Gözəl gülüm-çiçəyim, Gözəllikdi gərəyim. Üzülübdü ürəyim, Bir incə telnən gəzir.
2003, 17 noyabr