Sevmişəm səni
Ya həbib, haq rəsulu sən, Çın candan sevmişəm səni, Dərvişlər qədir gecəsin Sevən tək sevmişəm səni.
Eyləyib seyrü seyranı, Gəşt etsəm külli İranı, Misli İbrahim Saranı Sevən tək sevmişəm səni.
Yaqub yurd etdi Kənanı, Oğludur Misir sultanı, Misli Yusif Züleyxanı Sevən tək sevmişəm səni.
Kainatı tutdu adı, Onlardır eşqin bünyadı, Məcnun Leyli pərizadı Sevən tək sevmişəm səni.
Dəldi dağların zirini, Tapmadılar bir-birini, Aşiq Fərhad ol Şirini Sevən tək sevmişəm səni.
Əydi məni dünya malı, Olmadı eşqim kamalı. Seyfəlməlik Mahcamalı Sevən tək sevmişəm səni.
Gəşt eyləyib dörd köşəni, Basdı məhəbbət nişanı, Yəməndə Vərqa Gülşanı Sevən tək sevmişəm səni.
Getdi eldən ixtiyarı, Qalmadı namusu, arı.
Aşiq Novruz Gülfərxarı Sevən tək sevmişəm səni.
Bir gün rast gəldilər Xızra, Durdular niyaza, nəzrə, Bir-birini Vamiq, Əzra Sevən tək sevmişəm səni.
Gəzdilər Rumun düzünü, Verdilər haqqın xərzini, Necə ki Qənbər Arzunu Sevən tək sevmişəm səni.
Tutmadı olar dünyanı, Qalmadı yarı-yaranı, Misli ol Tahir Zöhrəni Sevən tək sevmişəm səni.
Bu dünya qoyubdur kimi, Xoş tutun beş günlük dəmi, Aşiq Qərib Şahsənəmi Sevən tək sevmişəm səni.
Məxdumqulu, dünya fani, Ötübdür Rüstəmlər, hanı? Ay, gün zəmin, asimanı Sevən tək sevmişəm səni.