Əsas məzmuna keç

Heca şeiri

Sevmək haqqı

Zəlimxan Yaqub

1

Dalğanı dənizdən, qumu səhradan, Zərrəni Günəşdən ayırmaq olmaz. Ulduzu qoparıb göyün üzündən, İşığı atəşdən ayırmaq olmaz.

Ləngəri buluddan, axarı seldən, Sərtliyi qayadan ayırmaq olmaz. İnsan ürəyini, insan qəlbini, Eşq adlı mayadan ayırmaq olmaz.

Rəngi təbiətdən, ətri çiçəkdən, Saflığı bulaqdan ayırmaq olmaz. Duyğunu ürəkdən, xəyalı başdan, Nəğməni dodaqdan ayırmaq olmaz.

Şairin əlini dəftər-qələmdən, Gözünü varaqdan ayırmaq olmaz. Hər sözü boy verib cücərməlidi, Ruhunu torpaqdan ayırmaq olmaz. Dayaqdı söz adlı silahım mənə, Sevmək haqqı verib Allahım mənə, Məni də bu haqdan ayırmaq olmaz.

2002, 10 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.