Əsas məzmuna keç

Qoşma

Sevmə məni, sən Allahı sevərsən

Zəlimxan Yaqub

1

Ulduzu sev, işıq olsun beyninə, Buludu sev, paltar olsun əyninə. Torpağı sev, alsın səni qoynuna, Sevmə məni, sən Allahı sevərsən.

Qalxan olmaz, qılınc olar bu sevgi, Qazanc olmaz, qaxınc olar bu sevgi, Qılınc qədər qorxunc olar bu sevgi, Sevmə məni, sən Allahı sevərsən.

Dağa haray, daşa səda salarsan, Qanım gedər, bir qan-qada salarsan. Sən bir odsan, məni oda salarsan, Sevmə məni, sən Allahı sevərsən.

Ağrı sənəm, aman sənəm, ah sənəm, Canımda od, yanağımda şeh sənəm. Qərib üçün nələr çəkdi Şahsənəm, Sevmə məni, sən Allahı sevərsən.

Yuxular var, yuxularda buta var, Kərəmlərə tilsim quran ata var. Mən bilirəm, bu sevgidə xəta var, Sevmə məni, sən Allahı sevərsən.

İşığım yox, otağınca, evincə, Dönəmmərəm gözlədiyin sevincə. Allahı sev, gəlib məni sevincə, Sevmə məni, sən Allahı sevərsən.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.