Sevirəm
Səfərə çıxmağı sevirəm, Kərəm kimi yanımda bir Lələm ola. Uzaq yola körpü sala, Yol yoldaşım, könül dostum Bir ayrıca aləm ola!
Cıdıra çıxmağı sevirəm, Atım təkcə at olmaya, Ürəyində çat olmaya, Yarışlarda mat olmaya, Sevgi dolu bir at ola! Qanadları əriməmiş, Qırat ola, Dürat ola!
Yaşamağı sevirəm, Ömrüm-günüm dolu gələ, dolu keçə. Bir ömürdə minbir illik yolu keçə.
Xəstələnməyi sevirəm, Məni xəstələndirən, İlahi bir gözəl ola. Təpə-dırnaq işıq saça, Əl köz ola, köz əl ola!
Gözəl ölümü sevirəm, Əzrayılım nə dərd ola, nə ah ola. Gədə-güdə öldürməyə, Öldürənim Allah ola!
Yalta, 2010, 18 iyun