Əsas məzmuna keç

Qəsidə

Sevincimin səbəbi hüsnün olmuş, ey canan

Məhəmməd Füzuli

1

Sevincimin səbəbi hüsnün olmuş, ey canan. Hər işdə sahibi-qüdrətdir hüsnünü yaradan.

Ağıl çaşıb o qara xalini bilir xaliq, Könül pərəstiş edər xəttinə, çıxıb yoldan.

Günəş kimi o camalın cahana nur saçar, Görən o nuri edər zikri-xaliqi hər an.

O kəs ki, hüsnünə heyran deyil bu aləmdə, Haram olub ona eşqinlə, şən sürər dövran.

Kim etsə hüsnünü inkar küfrdür əməli, Məhəbbətin qalacaqdır cahanda cavidan.

Üzün ki, xətt hasarındadır, gözəllikdə Qaranlıq içrə yanan od kimi olub taban.

Səninləyəm, bunu dünya bilir mənə minnət, Cahandasan, bunu minnət gərək biləydi cahan.

Vüsali-bəzmi bizə olmasaydı bu aləm, Nəyə təşəkkür edərdi bu dəhrdə yaşayan.

Kim eşq şərbətini nuş edib, yəqin ölməz, Ölüm piyaləsini nuş edəndə əhli-zaman.

Məgər işarə edib gözlərin cəfayə sənin Ki, hər müəllim edə zülmdə belə tüğyan,

Səbatü səbr yoxumdur, gözüm yuxu görməz, Könüldə, gözdə xəyalın salıb özünə məkan.

Alışmaz odda xəyalın, su içrə qərq olmaz, O sahirin işinə qalmışam özüm heyran.

Məhəbbətin yolu düşsə qəbirlər üstündən Qəbirdə qalmaz ölü, canlanar məzarıstan.

Qəbirlər oxşar ana bətninə, doğub törədər, Sığışmaz aləmə, göydə yer axtarar insan.

Sənin xəyalın ilə qəlb evim pərişandır, Olarsa şah cəfakar, mülk olar viran.

Qiyamın ilə qiyamət bizə əyan oldu, Cəhanə zəlzələ düşdü sənin qiyamından.

Deyərsən həbs edim, ey gözəl, məhəbbətimi, Demək, mənim də yerim olmalı qara zindan.

Təsəvvürümlə mənim heyrətə düşər aləm, Mənəm ki, aləmi təsvirim eyləmiş heyran.

Dayanmışam hərəkətsiz önündə heykəl tək, Kor olsa da gözümü çəkmərəm cəmalından.

Bu göz yaşım mənə bir e’tibar xəl’ətidir, Vücudimi o elər əhli-tə’ndən pünhan.

Qocalmışam, daha yoxdur muradım aləmdə, Mənə əvəz doğa bilməz qısır qalan dövran.

Cahanda az tapılar pak damən insanlar, Odur ki, damənini tərk qılmaram bir an.

Necə sənin kimi bir məhliqanı tərk qılım Ki, yoxdur hüsnünə tay, kainatı axtarsan.

Bu sehr sən’ətinin səndə kim görərsə, deyər: Yəqin ki, Babil olub yurdun, afəti-dövran.

O ətr rayihəsindən məziyyətin artar, Sənin təbiətinə, hüsnünə odur şayan.

Vücudun ətr saçar, sanki Şahi-mərdanın Əziz türbəsinə sən həmişə zəvvarsan.

O xəlq inami, murad rəmzidir, nicat ələmi, Vəlidir, həm də vəsi, vəsfi-zati bipayan.

O bir həkimdir, hər bir sözü nəsihətdir, Xəlildir, yer ilə bütləri edib yeksan.

Həlimdir, o qədər qüdrətilə səbr etmiş, O zülmü zilləti görmüş rəva ona üdvan.

Ona pərəstişə meyl eyləmiş bəşər ruhi, Fəziləti bu səbəbdən cahanə olmuş əyan.

Odur könüllərə mehr ilə eyləmiş bəşər ruhi, Fəziləti bu səbəbdən cahanə olmuş əyan.

Odur könüllərə mehr ilə mərhəmət salmış, Iradəsilə onun xalq olundu kövnü məkan.

O açdı nuri-həqiqətlə gizli sirləri, Odur verən bizə dərki-həqiqətə imkan.

O zati-mütləqi-həqdir, o Beytül-əqsadır, Bu kainatda yox ondan özgə məzhər olan.

O, yüksək əqli ilə aləmi edib təhqiq, Məqami ilə fələklər qazandı şovkətü şan.

Onun əlilə verilməzsə aləmə islah, Həsəd edərdi cahan mülkünü yəqin viran.

Yox ondan özgə bu aləmdə fəzl dəryası, Onun yanında hamı qətrədir, odur ümman.

Vəlidir, həm də vəsidir kamali vəsfində Kəmal sahibi tapmaz özündə hüsni-bəyan.

Ona itaət vacibdir hər müsəlmanə, Çəkər bu rəsmi pozanlar iki cahanda ziyan.

Onun şəhadəti etmiş nübüvvəti təsdiq, Onunla tapdı Məhəmməd şəriəti səhman.

Əli ədaləti daim edib şəriətdə, Odur vəliyyi-xudavənd, sərvəri-mərdan.

Şərəflidir adı, şə’ni o qədər yüksəkdir Ki, zikr minbəridir ərşi-xaliqi-sübhan.

O hakimi-əbədidir, hər hökmü baqidir, Zaman dəyişsə də, hökmü olur həmişə rəvan.

O hökm sahibidir kim, şəriət əhkami, Onun bir hökmü ilə oldu xəlqə nur əfşan.

Ona baş əyməyən hər bir kəsin xətadır işi, Gərək baş əysin ona həm gəda və həm sultan.

Onun sifatini qəsd etmək əmri-müşküldür, Mənaqibində bəşər əqli mat olur hər an.

Səlam ola sənə, ey mərhəmət, əta kani, Sənin əlinlə qoyuldu şəriətə bünyan.

Muradə çatmağa səndən səvay ümidim yox, Səninlə ancaq olur müşkül işlərim asan.

Bir özgə padişahın mədhi könlümə yatmaz, Bir özgə sərvəri mədh etmədim cahanda, inan.

Fəqirdir bu Füzuli, yazıq günahkardır, Bəlayə, möhnətə etmiş onu zəmanə nişan.

Günahı çoxdur, əlindən xəta çıxıb saysız, Cinayəti çox ağırdır onun bu dağlardan.

Sən, ey xeyirli yolun rəhbəri, özün kömək et, Şəfaət eylə, ona istə Həqqdən ehsan.

Səlam ola bəşərin fəxri ol Məhəmmədə kim, Könül də, göz də alar nur onun camalından.

* * *

Lüğət: Əməl – arzu; iş; Taban – parlaq; Dəhr – zaman, dünya, aləm; Əhli – raz – sirr əhli, sirdaş; Sahir – sehr edən; Pünhan – gizli; Damən – ətək; Afət – bəla, gözəl; Şayan – layiq, münasib; Vəli – lakin; dost, xələf, mənəviyyatca Allaha yaxın; Kövn – dünya; Beytül – həzən – qəm evi; dini rəvayətdə Yəqubun Yusif həsrətində dörd yol ayrıcında qurduğu koma; Məzhər – bir şeyin zahid olduğu yer; Ümman – böyük dəniz; dərya; Hüsni – göftar – söz gözəlliyi X; Nübüvvət – peyğəmbərlik; Sərvər – başçı; Baqi – həmişəlik, qalan, daimi; Rəvan – gedən; axan; ruh; Əhkam – hökmlər; Əta – bəxşiş

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.