Sevinc sorağında
Həsrətim çoxalır, azarım artır, Görmək istəyirəm, özünü dartır, Görəsən, hayanda yıxılıb yatır, Eşitmir səsimi o qulağı kar, Sevinci nə qədər gözləmək olar?!
Bir az qəmlənmişəm, ağır olmuşam, Bir az kövrəlmişəm, fağır olmuşam. Üstünü ot basan cığır olmuşam, Qoymur qədəmini sinəm üstə yar, Sevinci nə qədər gözləmək olar?!
Şirəni vaxtında bara vermədi, Bütöv istəyimdən para vermədi, Yağışı, dolusu ara vermədi, İndi də başıma qar yağdırır, qar, Sevinci nə qədər gözləmək olar?!
Bəlkə, bir dustaqdır, qolu bağlanıb, Sağı uçurumdur, solu bağlanıb, Bəlkə, bir yolçudu, yolu bağlanıb – Körpülər amanat, keçidlər də dar – Sevinci nə qədər gözləmək olar?!
Bir az da geciksə, daha gəlməsin, Gəlsə, tuş gələcək aha, gəlməsin. Çox da qürrələnib baha gəlməsin, Vədəsiz gəlişdən varlığım solar, Sevinci nə qədər gözləmək olar?!
Sevinc gəldi, sünbüllədi dənimi, Külək oldu, qovdu duman-çənimi. Sevinc nəymiş? Qəm-kədərin qənimi, Arzularım çəmən-çəmən göyərmiş, Bu sevinci gözləməyə dəyərmiş! Yollarımda əzab oldu, gözlədim, Yandı bağrım, kabab oldu, gözlədim, Dərdim qalın kitab oldu, gözlədim, Dözüm yoxsa, nə əməl var, nə bir iş, Bu sevinci gözləməyə dəyərmiş!
Zaman-zaman dağlarımı qar tutdu, Yenə mənim ayaqlarım yer tutdu, Yenə mənim budaqlarım bar tutdu, Haqq yolçusu dəmir çıraq geyərmiş, Bu sevinci gözləməyə dəyərmiş!
Bir insan ki, yolu haqqın yoludur, Bir insan ki, qəlbi sözlə doludur, Bir insan ki, əqidənin quludur, Mən doğruyam, mən təmizəm deyərmiş, Bu sevinci gözləməyə dəyərmiş!