Sevgiyəm təpədən dırnağa kimi
Cənnətdə Adəməm, Ağrıda Nuham, Tanrıdan torpağa enən bir ruham. Yer mənim varlığım, göy mənim düham, Gəlmişəm o çağdan bu çağa kimi, Sevgiyəm təpədən dırnağa kimi.
Ay məndə gecələr, gün məndən doğar, Dan məndə sökülər, gün məndən doğar. Şair dünyasına dünyalar sığar, Doluyam puçurdan yarpağa kimi, Sevgiyəm təpədən dırnağa kimi.
Bu gülün zərifi, incəsi nağıl, Bu yazın düyməsi, qönçəsi nağıl. Bu düzün Novruzu, xonçası nağıl, Süzülür qələmdən varağa kimi, Sevgiyəm təpədən dırnağa kimi.
Allahın töhfəsi işıqlı, nurlu, Yoxuşda qüvvətdi, yolda uğurdu. Könlüm söz eşqinə səcdəyə durdu, Yol gəldim toxumdan torpağa kimi, Sevgiyəm təpədən dırnağa kimi.
Çəməntək yaşılam, qar kimi ağam, Zirvəsi buluddan nəm çəkən dağam. Diriyəm, duruyam, təmizəm, sağam, Hopub zərrə-zərrə damarlarıma, Kökdən qığılcıma, ocağa kimi, Sevgiyəm təpədən dırnağa kimi.
2006, 23 mart