Əsas məzmuna keç

Heca şeiri

Sevgisiz olanda

Zəlimxan Yaqub

1

Qoru mənliyini od qoruyantək, İsmət qoruyantək, ad qoruyantək. Sevgisiz olanda quruyur insan, Ağac quruyantək, ot quruyantək.

Sığal görməyəndə, meh görməyəndə, Çəmən görməyəndə, şeh görməyəndə, Başı dəyməyəndə ildırımlara, Gözü baxmayanda sıldırımlara, Mehin sıxlığına vurulmayanda, Şehin saflığında durulmayanda, Sellərə, sulara qarışmayanda, Əsən küləklərlə yarışmayanda Qara torpağına, qarlı dağına, Xınalı daşına qayıda bilmir. İtirir səmtini, azır yolunu, İtən yaddaşına qayıda bilmir. Ağlamaq istəsə, çəkilir yaşı, Gözünün yaşına qayıda bilmir, Sevgisiz olanda quruyur insan.

Axşamı, səhəri qarışıq düşür, Yeri nə, yurdu nə, evi nə, bilmir. Göz yumur göylərin genişliyinə, Günəşə baxanda sevinə bilmir. Ömrü ömür kimi yaşamaq üçün, Həyatda heç nədən güc ala bilmir. Qəlbini, ruhunu yaşıllaşdırıb, Dağlara baxanda ucala bilmir, Dağlara baxanda sərtləşə bilmir, Dərd olur, heç kimlə dərdləşə bilmir. Zaman sınağında, vaxt axarında, Kişiləşə bilmir, mərdləşə bilmir, Sevgisiz olanda quruyur insan.

Yazda çiçəyi yox, yayda barı yox, Çör-çöpə çevrilmiş budaq kimidir. Tüstüsü görünməz, istisi gəlməz, Külü göz çıxardan ocaq kimidir. İllərlə şeh dəyib, yağış görməyən, Quraqda qovrulan torpaq kimidir. Solar təbəssümü, donar gülüşü, Su deyib alışan dodaq kimidir, Sevgisiz olanda quruyur insan.

Vurul, bu ərişi, bu arğacı sev, Nə fərqi – gülü sev, ya ağacı sev. Qum dənəsi boyda bir böcəyi sev, Çölü sev, quşu sev, kəpənəyi sev, Gəzdiyin, gördüyün dağı-daşı sev. Yerdə Peyğəmbəri, göydə Allahı, Vətənin bağrında vətəndaşı sev, Sonu görünməyən üfüqləri sev. İnsan ürəyinə, insan beyninə, Üfüqdən süzülən şəfəqləri sev. Sev ki, qovuşasan nura, saflığa, Sev ki, qarışasan bu şəffaflığa. Sev ki, qaranlıqda günəş görəsən, Sev ki, kül içində atəş görəsən. Sev ki, duyğularla aşıb-daşasan, Sev ki, yaradana yaxınlaşasan. Sevgiylə başabaş nurdu, nur, insan, Sevgi tükənəndə qurtarır ömrü, Sevgisiz olanda quruyur insan.

2000, 1 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.