Sevgilimi gördünüzmü
Söz demişəm, bircə sözdən küsüb gedib, Dəli səhra küləyitək əsib gedib, Son görüşdə son ümidi kəsib gedib, Kaş biləydim, indi yeri dağmı, düzmü, Ey səhralar, sevgilimi gördünüzmü?
Taleyimin naxışıydı, sonasıydı, Həyat qədər həyatımın mənasıydı, Sularımın yaşılbaşlı sonasıydı, Kimə deyim, güman yerim birmi, yüzmü, Ey dəryalar, sevgilimi gördünüzmü?
Şirin dillə taleyimə yağ-bal çəkib, Gah kiriyib, gah dillənib, gah lal çəkib, Əllərimin əvəzinə sığal çəkib, Yaz mehiylə saçlarını hördünüzmü, Ey küləklər, sevgilimi gördünüzmü?
Yanaqları dan üzüydü, dan yeriydi, Dodaqları vermək üçün can yeriydi, Baxışları qırğın yeri, qan yeriydi, Oda düşən ruhmu, canmı, əlmi, üzmü, Ey sevənlər, sevgilimi gördünüzmü?
Yanağı yaş, kirpikləri nəm olacaq, Ömrü-günü hicran dolu qəm olacaq. Deyirlər ki, vəhşilərə yem olacaq, Aman Allah, deyilənlər görən düzmü, Ey şübhələr, sevgilimi gördünüzmü?
2011, 1 mart