Əsas məzmuna keç

Qoşma

Sevgilər çox düşüb qara-borana

Zəlimxan Yaqub

2

Ərzrum dağları, xoş gördük səni, Qarşına söhbətdə, sazda gəlmişəm. Kərəm bu yalları qışda keçirdi, Mən sənin qoynuna yazda gəlmişəm.

Hər ömrü bir eşqin dağı yandırar, Hərəni bir qızın həyatı çəkər. “Kərəmi” kökündə yanan aşıqlar Ərzrum üstündə bayatı çəkər.

Ərzruma, Yol gedir Ərzruma. Dəvəsi ölmüş ərəbəm, Dözərəm hər zuluma.

Bu dağlar nə qədər Lələlər uddu, Bu düzlər nə qədər Kərəmlər yedi. Birinin içini ayrılıq odu, Birinin içini vərəmlər yedi.

Yəqin ki, salamat keçən olmayıb, Bu sərt enişləri, bu sərt dikləri. Sazın tellərində oda çevirdi, Kərəm dilə saldı bu gədikləri.

Sevgilər çox düşüb qara, borana, Dözən dözümündə fil olmalıymış. Bir keşiş qızına Gəncədən keçən, Elə İstanbulda kül olmalıymış.

Ərzrum, 2009, iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.