Əsas məzmuna keç

Gəraylı

Sevgi qanad verdi mənə

Zəlimxan Yaqub

1

Arzulara çatmaq üçün Zaman bir at verdi mənə. “At muraddı, min çap” – dedi, Tanrı murad verdi mənə.

Quraqladı, yağışladı, Naxış vurdu, naxışladı, Səhra dəvə bağışladı, Dərya Qırat verdi mənə.

Şeirim çeşmə, qəlbim bulaq, İçimdədir yaxın, uzaq, Yerdə kökəm, göydə budaq, Sevgi qanad verdi mənə,

Özüm ovçu, ruhum səyyah, Qələmim qul, ilhamım şah, “Yarat” – dedi qadir Allah, Qaynar həyat verdi mənə.

Saldım nurlu yolu sözdən, Bir yük tutdum dolu sözdən, Ulu Tanrım ulu sözdən Bol ehtiyat verdi mənə.

2003, 16 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.