Əsas məzmuna keç

Heca şeiri

Sevgi nədir, görəsən?

Zəlimxan Yaqub

1

Qayada mamırdımı? Daş üstə çiçəkdimi? Gülə könül bağlayan, Xallı kəpənəkdimi? Ay şəfəqi, gün nuru, Buludmu, şimşəkdimi? Sevgi nədir, görəsən?

İlk insanın dünyaya Gəldiyi ilk andımı? Baxışdakı od-alov, Damardakı qandımı? Tanrıya tapındıran, Dindimi, imandımı? Sevgi nədir, görəsən?

Sızlayan Əslidimi, Alışan Kərəmdimi? Məcnun gözlərindəki, Bir əbədi qəmdimi? Həyatdı, yoxsa, ölüm, Toydumu, matəmdimi? Sevgi nədir, görəsən?

Götür beli, külüngü, Qayasını çap görək. Çırma biləklərini, Qalasını yap görək. Oğulsansa, ömür qoy, Mənasını tap görək, Sevgi nədir, görəsən?

Nəğmədimi, səsdimi, Haraydımı, ündümü? Ruhun zirvələr boyu Ucaldığı gündümü? İlahi, bu sualın, Cavabı mümkündümü? Sevgi nədir, görəsən?

2002, 4 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.