Sevgi
Qarın, buzun dövrəsində, Donurdu qışdakı sevgi. Bahar gəlib çıxan kimi, Göyərdi daşdakı sevgi.
Bal süzülür, şana keçir, Eşqin odu qana keçir, Axıb candan-cana keçir, Gözdəki, qaşdakı sevgi.
Sinədəki köşk ayrıdı, Köşk içində məşq ayrıdı, Könüldəki eşq ayrıdı, Başqadı başdakı sevgi.
Məndən ötrü ölən deyil, Sevincini bölən deyil, Əlli yaşda gələn deyil, İyirmi yaşdakı sevgi.