Əsas məzmuna keç

Qoşma

Sevərmiş

Zəlimxan Yaqub

1

İnsan oğlu vurulanda dünyaya, Yeri-göyü, dağı-daşı sevərmiş. Zaman onu ağlatsa da, gülərmiş, Gözlərindən axan yaşı sevərmiş.

Eşq adama göydən nazil olarmış, Kimi xoşbəxt, kimi rəzil olarmış. Biri yaqut, biri qızıl olarmış, Qaş üzüyü, üzük qaşı sevərmiş.

Alışarsan, eşq içini ovanda, Qapılardan səhralara qovanda. Hünərin var dəli olma sevəndə, Leyli gedib ağlı çaşı sevərmiş.

Canlar gedib bir cananın yolunda, İllər qurban bircə anın yolunda. Ay Zəlimxan, hər sevdanın yolunda Dərd ürəyi, ağrı başı sevərmiş.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.