Əsas məzmuna keç

Heca şeiri

Sevə-sevə

Zəlimxan Yaqub

1

Sevə-sevə göylərə bax, Ulduzu, Ayı çoxalsın. Sevə-sevə yerlərə bax, Çeşməsi, çayı çoxalsın.

Sevə-sevə səhraya bax, Od içində qum göyərsin. Xoş nəzərlə torpağa bax, Çürümüş toxum göyərsin.

Sevə-sevə gora getsən, Gor işığa çevriləcək. Yaraşıqsız hər nə varsa, Yaraşığa çevriləcək.

Nifrət ilə baxırsansa, Yazın dönüb qış olacaq. Dediklərin dedi-qodu, Qazancın qarğış olacaq.

Nifrət ilə baxırsansa, Ağı qara görəcəksən. Bütövləri, böyükləri, Parça-parça görəcəksən.

Sevgiylə bax cəhənnəmə, Dönsün yaşıl bir cənnətə. Nifrət səni ömrü boyu, Hey çəkəcək məşəqqətə.

1999, 1 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.