Sevdiyim
Oğrun-oğrun daldalardan baxırsan, Alırsan cəsəddən canı, sevdiyim! Müjganların sinəm üstə çaxırsan! Tökürsən bədəndən qanı, sevgilim!
Dolandım dünyanı, gəzdim baş-başa, Sənin kimi gözəl görmədim haşa, Qərq oldum dəryaya, düşdüm ataşa, Od alıb əndamım yanı, sevdiyim!
Haçan doymaq olar belə bir yardan? Buxağı büllurdan, sinəsi qardan. Kəsmə iltifatın, salma nəzərdən, Ələsgər tək binəvanı, sevdiyim!