Əsas məzmuna keç

Heca şeiri

Sevdi, sevildi getdi

Zəlimxan Yaqub

1

Doğulduğum məkanın, Yurdu-yuvası bəlli, Suyu, havası bəlli. Öldüyüm yerin adı, Nə olacaq, bilmirəm. Zaman-zaman dərd kimi, İçərimdə qovrulan, Külə dönmüş ümidi, Küləklərə sovrulan, Bəlkə, Təbriz olacaq? Bəlkə, Mərənd olacaq? Bəlkə, Göyçə, Borçalı, Bəlkə, Dərbənd olacaq? Bəlkə, şəhər meydanı, Bəlkə, bir qanlı səngər, Bəlkə, bir kənd olacaq? Nə olacaq, bilmirəm, Bildiyim bircə şey var: Bir ustanın əliylə, Naxış-naxış qazılmış, Məzarımın üstündə, Başdaşıma yazılmış, Belə bir bənd olacaq: Yer üzündə bəndənin, Göy üzündə Allahın, Qədrini bildi getdi. İşıq ömrü yaşadı, Sevdi, sevildi getdi.

2000, 10 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.