Əsas məzmuna keç

Heca şeiri

Sev, ey könül, sev

Zəlimxan Yaqub

1

Çəməni, çiçəyi, gülü, naxışı, Buludu, dolunu, qarı, yağışı, Yanağı, dodağı, gözü, baxışı, Sev, ey könül, sev!

Qayanı, qartalı, zirvəni, dağı, Cığırı, keçidi, körpünü, tağı, Yaşılı, sarını, qaranı, ağı, Sev, ey könül, sev!

Dənizi, dalğanı, sahili, qumu, Zəmini, xırmanı, torpağı, şumu, Özəyi, bəzəyi, qabığı, tumu, Sev, ey könül, sev!

Üfüqü, Günəşi, ulduzu, Ayı, Çölü, şəlaləni, çeşməni, çayı, Vergini, bəxşişi, sovqatı, payı, Sev, ey könül, sev!

Boyu, yaraşığı, libası, donu, Şənliyi, nişanı, xonçanı, xonu, Doğumu, ölümü, əvvəli, sonu, Sev, ey könül, sev!

Havayı süzülmə, havayı axma, Boşuna gurlama, boşuna çaxma, Sevmək fürsətini əldən buraxma, Sev, ey könül, sev!

Səfər nə, karvan nə, köç nə qalmasın, Savab nə, günah nə, suç nə qalmasın, Sev ki, sevmədiyin heç nə qalmasın, Sev, ey könül, sev!

2010, 30 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.