Əsas məzmuna keç

Heca şeiri

Səssiz ötmə o qocanın yanından

Zəlimxan Yaqub

1

Səssiz ötmə o qocanın yanından, Qəm karvanı ürəyindən yol çəkər. Salam verib sevindirsən qəlbini, Arı qonub sevincindən bal çəkər. Doğmalardan biganəlik görəndə Diri-diri dünyasından əl çəkər. Ağrı qalxar ürəyindən, canından, Səssiz ötmə o qocanın yanından. Kim axtarsa yasda, toyda görərdi, Ürəyini dağlar boyda görərdi. Fil gücünü, el gücünə qatardı, Damlasını sel gücünə qatardı. Əridərdi gilə-gilə ömrünü, Tükədərdi bilə-bilə ömrünü. Oğlun, qızın, dostun, yadın yolunda, Nur olardı istedadın yolunda. Dara düşən, əli yanan görəndə, Harda haqqı bir tapdanan görəndə Qılınc kimi sıyrılardı qınından, Səssiz ötmə o qocanın yanından!

Yeriyəndə yerişini ləngidir, Bədənində yeddi yerdən yara var. Hara belə havalanmış ötürsən, Aranızda bircə addım ara var! Atılanda alovlara, odlara, Sinəsini sipər edib yadlara. Yurdumuzu yandıranda yağılar, Dilimizi göynədəndə ağılar, İnam adlı Allahına güvəndi, Vətən adlı pənahına güvəndi. Ürəyini yanan çıraq eylədi, Başı üstə haqqı bayraq eylədi. Yara aldı, çöl qızardı qanından, Səssiz ötmə o qocanın yanından!

Əsə-əsə təsbeh çəkən əlinə, Əsasına, eynəyinə fikir ver. Göylər kimi necə dolur, boşalır, Ürəyinin göynəyinə fikir ver. Bəlkə elə qasid gəlib əyləşib, Dözməsə də səsə, küyə, yığnağa Diqqətini, qeyrətini yoxlayıb, Cavanları bir-bir çəkir sınağa. Bəlkə elə qamətini əyən var, Bəlkə elə ürəyinə dəyən var. Bir xəbər tut ömrün kövrək anından, Səssiz ötmə o qocanın yanından!

Səssiz keçsən, o qocanın yanından Elə bilər adamlığın axırıdı, Elə bilər insanlığın sonudu. Elə bilər yazın ömrü tükənib, Qarlı qışın şaxtasıdı, donudu. Qayğıların bolluğunu görməsə, Cavanların qulluğunu görməsə Elə bilər gözdən düşüb qocalar. Gözdən düşən çox çətin ki, ucalar. Elə bilsə, dərdi üstə dərd gələr, Çiynindəki dağlar boyda yük enməz. “Gündən-günə işi düşər müşkülə”, Ağrıları, əzabları tükənməz. Cavan oğlan, ixtiyarın önündə Məhəbbətlə öz başını əyib keç. Əllərini sıx əlinlə ürəkdən, “Qoca baba, xoş görmüşük” deyib keç. Baxışınla qoy nurlansın gözləri İşıq alsın ömrün qızıl dadından, Səssiz ötmə o qocanın yanından!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.