Səslər
Eşidə bilirsənmi göydən gələn səsləri? Yağışın da, qarın da, buludun da səsi var. Dilini başa düşsən, daşlara lal deməzsən, Eşitsən biləcəksən, sükutun da səsi var.
Alışan ocağın da, sönən qığılcımın da, Yanıb sönən qorun da, boz külün də səsi var. Bülbüllərin səsini eşitməyə nə var ki, Açılan qönçənin də, tər gülün də səsi var.
Eşidə bilirsənmi zərif xışıltıları? Yazdığın vərəqin də, qələmin də səsi var. Tarixin keçmişinə sükuta dalmış, demə, Tamam səssiz bildiyin aləmin də səsi var.
Hamı duymaz səsi, hamıya çatmaz bu səs, Yüz minlərin içində bilər arif olanlar. Bir səsi eşitməyə qırx il hazırlıq gərək, Duyar məni sudan saf, güldən zərif olanlar.
Get, durula-durula, qal, vurula-vurula, Ucal Tanrıya sarı, çağır müqəddəsləri. Qəlbin qulağı varsa, qulağa nə ehtiyac, Hər gün eşidəcəksən eşidilməz səsləri!
2000, 25 aprel Ankara