Əsas məzmuna keç

Sərbəst şeir

Səs

Zəlimxan Yaqub

1

Səs gözəldir, nəğmə şirin, İstəmirəm bu dünyada, Bircə anlıq sükut ola! Səs də var ki, Heç eşitmək istəmirəm. İstəyirəm, Dünya bir az sakit ola! İstəmirəm dəhşətiylə, Qulaqları dələn səsi. İstəyirəm nəğmə kimi, Könüllərdən gələn səsi. Şəlalənin hönkürtüsü, Qanadlanıb dağdan gələr. Bayquş səsi viranədən, Bülbül səsi bağdan gələr. Can atanlar fürsət gəzir, İnsanlığın ürəyini, Qanadanlar fürsət gəzir. Səadətin bayrağını endirməyə, Yer üzünün çırağını söndürməyə, Ürəyində kin-küdurət, Gözlərində nifrət gəzir. Öz sərvəti ola-ola, Özgələrin hesabına Göydən düşmə sərvət gəzir. Hitler hələ dərs olmayıb, Sadatlara, Beginlərə! Berlin hələ ər olmayıb, “Ağ ev”lərə, “Pekin”lərə! Arxalanıb qol zoruna Yara vurur ürəklərə, Qan sızdırır beyinlərə! Düşündürmür caniləri, Nə Buhenvald, nə də Xatın. “Uf” da deməz bircə dəfə Nuru sönsə Kainatın! İşə salır mədəsini, Udmaq üçün ölkələri. Aya, Günə əli çatmır, Qılınclayır kölgələri. Ağlı kəsir, gözü görür, Neyləyəsən, qəlbi yoxdur. Duya bilmir bircə dəfə, Sağalmamış yaraları, Silinməmiş ləkələri. Cahillər var, iştahalı, Qatillər var, şöhrətpərəst. Qəsd eləyir dönə-dönə, Nəsillərin canına qəsd. İstəkləri, arzuları, Güllə səsi, mərmi səsi. Naqasaki onlar üçün, Təbiətin ən səfalı guşəsidir, Ən maraqlı mənzərəsi. Qoy süzülsün ürəklərə, Ana səsi, layla səsi. Bu laylanı yaşatmaqdır, İnsanlığın ən müqəddəs vəzifəsi! Səs gözəldir, nəğmə şirin, İstəmirəm bu dünyada Bircə anlıq sükut ola! Səs də var ki, Heç eşitmək istəmirəm. İstəyirəm, Dünya bir az sakit ola!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.