Səni min illərə hesablamışam
Altmış özü də az ömür deyil, Haqqın dərgahından söz alan ömrüm. Peyğəmbər ömrünə yaxın ömürdü, Getdikcə qısalan, azalan ömrüm.
Həm uca saraysan, həmi daxma, dam, Həm doğan Günəşsən, həm sozalan şam, Səni min illərə hesablamışam, Cismani möhləti az olan ömrüm.
Ötkəmdi, möhkəmdi, məğrurdu, şıxdı, Çox-çox ömürlərə yar-yaraşıqdı. Həzin xanəndədi, coşqun aşıqdı, Ney olan, tar olan, saz olan ömrüm.
Bələklə kəfəndi, ruh ilə bədən, Tez uçdu, tez keçdi bilmirəm nədən, Gözəli görəndə ürəyi gedən, Ağlını başından qız alan ömrüm.
Ruhlara dəm verən, hala gətirən, Sözü şirinliyən hala gətirən, Dili öz başına bəla gətirən, Qəbri öz əliylə qazılan ömrüm.
Sıyrıldım şübhədən, çıxdım gümandan, Qorxub çəkinmədim dağdan, dumandan, Tarixdən, yaddaşdan, vaxtdan, zamandan, Naz çəkən, naz satan, naz alan ömrüm.
Keçmişə bağlandın, sabahı sevdin, Dərgaha çevrildin, dərgahı sevdin, İnsana baş əydin, Allahı sevdin, Alnına ucalıq yazılan ömrüm.
2010, 30 mart