Səni haqqa çağırıram
Qayıt bulağın gözünə, Qayıt tanrının sözünə, Qayıt özgədən özünə, Səni haqqa çağırıram!
Əfilər var, ilanlar var, Səni səndən alanlar var, Ortalıqda yalanlar var, Səni haqqa çağırıram!
Boşboğazlar bağırdılar, Ağlı sazlar çığırdılar, Səni şərə çağırdılar, Səni haqqa çağırıram!
Yad tənəsi yemək olmaz, Yaddan bizə kömək olmaz, Düşmənə dost demək olmaz, Səni haqqa çağırıram!
Tel mən olum, pərdə sən ol, Göy mən olum, yer də sən ol, Ziyarət də, pir də sən ol, Səni haqqa çağırıram!
Qazan qazdı, eşən eşdi, Vuran vurdu, deşən deşdi, Yıxan yıxdı, düşən düşdü, Səni haqqa çağırıram!
Gəl eyləmə yük bu daşı, Daşı, yoldan çək bu daşı, Ətəyindən tök bu daşı, Səni haqqa çağırıram!
Tuş gəlsən də silahlara, Batma bir də günahlara, Üz tutmuşam sabahlara, Səni haqqa çağırıram!
Aləm bu sirdən agahdı, Həqiqət həmişə şahdı, Yanılmayan bir Allahdı, Səni haqqa çağırıram!