Sənə qalmayacaq sənin olanlar
Sənə qalmayacaq sənin olanlar, Tulla min sevinci, bir qəmi saxla. Göz yaşın dönəndə Nuh tufanına, Salamat çıxmağa bir gəmi saxla.
Çağırsan eşitməz – qulağı kardı, Onsuz sevincin meydanı dardı, Zəmisi çörəkdi, bağçası bardı, Özünə bir bağça, bir zəmi saxla.
Daş üzlər hasardı daş saraylara, Qoymaz sevgi dola boş saraylara. Könül, bel bağlama baş saraylara, Dar günə bir yerdə zirzəmi saxla.