Sənə bağlı xatirələr
Əlli ildə əlli ömrü, Yaşamağı bir heyrətmiş. Əfsanəyə oxşasa da, Deyilənlər həqiqətmiş. Duyan bilər bu böyüklük, Nə hünərmiş, nə qeyrətmiş. Zaman-zaman nəsillərin, Ürəyinə işıq çilər, Sənə bağlı xatirələr!
Körpəliyin qəm üstündə, Köklənən bir telli sazdı. Cavanlığın havalanmış, Dəli Kürdü, xan Arazdı. Qocalığın, şeiriyyətin Gözlərində gülən yazdı. “Nələr deyir bizə, nələr!” Sənə bağlı xatirələr!
Əsil oğlu sən olmusan, Ən müqəddəs duyğuların. Neçə tale çiçəklənib, Gül açanda qayğıların. Baxışların ocaq çatıb, Ortasında buzun, qarın. Başımızdan çiçək kimi, Hörmət səpər, xətir ələr, Sənə bağlı xatirələr!
Ağır yeriş, mətin addım, Dalğalı saç, qaynar baxış, Açılanda aydın səma, Tutulanda – leysan, yağış. Görənlərin yaddaşında Zərli yazı, qızıl naxış. Bu torpağın hər daşında, Səsə düşər, dilə gələr, Sənə bağlı xatirələr!
Arxan ilə gəzmədiyi Nə dağ qaldı, nə də binə. Ölüm fürsət yoxsulutək, Səni gəzdi sinə-sinə. Ayrılığın dağlar çəkdi Nəsillərin sinəsinə, Quzu kimi qaldı mələr, Sənə bağlı xatirələr!
Gur məclislər keçirələr, Bir-birindən qəşəng ola, Hər məclisin yaraşığı, Xatirədən çələng ola, Hər söhbətin dünyasında, Könül açan min rəng ola, Süfrəmizə dürlü-dürlü Min bir nemət gətirələr! Hamısından şirin olar, Sənə bağlı xatirələr!