Sənə
Bağrıma basıram gecələri mən, Axşamda, səhərdə səni gəzirəm. Gəzən olmasam da küçələri mən, Hər kənddə, şəhərdə səni gəzirəm.
Mən səni gəzirəm əliçıraqlı, Sən kimi gəzirsən, onu bilmirəm. Mənim sevgi yolum hardan başladı, Harda qurtaracaq sonu, bilmirəm.
Gəl mənim sevgilim, həqiqətim gəl, Qəlbimdən şübhəni, gümanı dağıt. Bir dağam, dəlisov külək istərəm, Başımdan şübhəni, gümanı dağıt.
1974, 20 yanvar