Sən şeir oxuyanda
Gur ocaqdan götürüb, Köz baxışı, köz əli. Səni nurdan yaradıb Təbiətin öz əli. Gözəlliyə qovuşdum Ay Qarabağ gözəli, Sən şeir oxuyanda.
Titrəyən dodaqların, Od içində yanırdı. Nəfəsini duyanlar Yaz mehini anırdı. Könlümüz işıqlanır, Ömrümüz uzanırdı Sən şeir oxuyanda.
Qəlbimizin havası Gah zil, gah da bəm oldu. Sevinc qanad açanda, Qəmin ömrü kəm oldu. Məryəm Əsliyə döndü, Mahmudum Kərəm oldu, Sən şeir oxuyanda.
Hər tərəfdən Cabbarın, Seyidin səsi gəldi. Qəlbimə dəniz eşqi, Bulaq həvəsi gəldi. Məclisə çəmən ətri, Çiçək nəfəsi gəldi, Sən şeir oxuyanda.
Buz olsa əriyərdi, Daş olsa dil açardı. Bütün yallar, yamaclar, Qış olsa, gül açardı. Dinməz qayalar belə Sənə könül açardı, Sən şeir oxuyanda.
Nəğməyə döndərərdin Bu torpağı, bu yurdu. Daş ürəklilər belə Sənət nədir, duyurdu. Bir ahəngə can verib, Yerlə göy oxuyurdu, Sən şeir oxuyanda.
Kimdi belə alışan, Fikri kim, meyli kimdir. Bu dili bayatılı, Dodağı neyli kimdir. Məcnun gəlsin bu yerə Görsün ki, Leyli kimdir, Sən şeir oxuyanda!