Əsas məzmuna keç

Heca şeiri

Sən qalib gələcəksən

Zəlimxan Yaqub

2

Addımbaşı ölümlə çarpışan şirim mənim, Ölümsüzüm, ölməzim, əbədi dirim mənim, Gur ocaqlar yandıran ocağım, pirim mənim, Yüz minlərin içində minim yox, birim mənim, Allah özü də təkdir, baxma meydanda təksən, Sən qalib gələcəksən!

Haqsızlığın içində boğulan haqlar da var, Səddi keçilməz olan ağır sınaqlar da var, Kürəyinə sancılan qanlı bıçaqlar da var, Əlindən, ayağından çəkən alçaqlar da var, Ağrıların, dərdlərin olsa da dağlarla tən, Sən qalib gələcəksən!

Qoşqar, Kəpəz ağrıdan qamətini əysə də, Halal bərəkətinə haram əllər dəysə də, Qapını axşam-səhər qara yellər döysə də, Bu torpaq başdan-başa qara libas geysə də, İşıqlı yollarını tutsa da dumanla çən, Sən qalib gələcəksən!

Yerlə göy sənə qarşı silaha sarılsa da, Müqəddəs sərhədlərin min yerdən yarılsa da, Yeddi milyon əsgərin yarısı qırılsa da, Qəhrəman oğulların alnından vurulsa da, Gülüb nahaq qanlara, olsa da düşmənin şən, Sən qalib gələcəksən!

Bir gecənin içində ağaran saçın da var, Suları qan axıdan Qarqar da, Xaçın da var, Sızlayan Qarabağ da, inləyən Laçın da var, Min dəfə ağır olan çəkilməz dərdlər də var, İçimizi qurd kimi yeyən namərdlər də var. İstiqlalın yolunda zülüm, zillət də çəksən, İstiqlala çatmağa xeyli həsrət də çəksən, Sən qalib gələcəksən! Sən qalib gələcəksən!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.