Əsas məzmuna keç

Heca şeiri

Sən gəlməmişdin

Zəlimxan Yaqub

1

Səsini içinə çəkmişdi bulaq, Yellər qanadını açmırdı o gün. Donmuşdu dağ-dərə, donmuşdu torpaq, Güllərin dodağı qaçmırdı o gün, Sən gəlməmişdin.

Göydən çəkilmişdi günəşin zəri, Yerdə axarını çay saxlamışdı. Elə bil, ən böyük dərdi-kədəri Təbiət mənimçün pay saxlamışdı, Sən gəlməmişdin.

Yox idi həyatda işıqdan əsər, Üstümdə qaralmış bulud var idi. Gözümdən nur getdi, sözümdən kəsər, İçimdə lal olmuş sükut var idi, Sən gəlməmişdin.

Ürəyim xaraba qalmış bir şəhər, Şam kimi qəlbimin yağı damırdı. Üzümdən zəhrimar, dilimdən zəhər, Rəngimdən, ruhumdan ağı damırdı, Sən gəlməmişdin.

Gəldim yerə-göyə vurulmuş kimi, Gəlmirsən, yerinə dərd gəlir, gözəl. Sevənlər evindən uçur quş kimi, Sevənlər evinə pərt gəlir, gözəl. Nə zarafat bilir, nə gerçək bilir, Həsrət gəlişini sərt gəlir, gözəl, Sən gəlməmişdin.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.