Sən bilmədin mən kiməm
Bulud yardım, duman keçdim, dağ aşdım, Şimşək bildi, sən bilmədin mən kiməm. Gur yağış da, büllur şeh də tanıdı, Çiçək bildi, sən bilmədin mən kiməm.
İştahamda acılanmış aş oldun, Ömrüm boyu gözlərimdə yaş oldun. Mamır basmış, kif bağlamış daş oldun, Çiçək bildi, sən bilmədin mən kiməm.
İldırımı cilovladı inadım, Ömrü-günü yoxuşlarda sınadım. Göy üzünü qucaqladı qanadım, Lələk bildi, sən bilmədin mən kiməm.
Dərd əlində qəlbim yeddi paradı, Bağrım başı zədən-zədən yaradı. Sığal çəkdi, saçlarımı daradı, Külək bildi, sən bilmədin mən kiməm.
Tövbə eylə, xəcalət ol, nə xeyri, Gecikmiş bir məhəbbət ol, nə xeyri. Duz-çörək ol, bol sərvət ol, nə xeyri, Çörək bildi, sən bilmədin mən kiməm.
Məclislər də, meydanlar da tanıdı, Ariflər də, nadanlar da tanıdı, İblislər də, şeytanlar da tanıdı, Mələk bildi, sən bilmədin mən kiməm.
Qulaqları bəm tanıdı, zil bildi, Dilbilməzlər dil öyrəndi, dil bildi, Aslan bildi, dəvə bildi, fil bildi, Milçək bildi, sən bilmədin mən kiməm.
Tapınmadın mən dediyim dərgaha, Tapınsan da gecdi daha, gec daha. Zəlimxanın səsi çatdı Allaha, Fələk bildi, sən bilmədin mən kiməm.
2000, 30 aprel