Sən bilərsən
Mən kim idim, neyləmişdim səndən ötrü, Balıq bilməz, xaliq bilər, sən bilərsən. Nə çəkmişəm sevgi adlı dindən ötrü, Balıq bilməz, xaliq bilər, sən bilərsən.
Yaxın bildim, könül verdim, ərk eylədim, Günahımı çox sonralar dərk eylədim. Daha sənli duyğuları tərk eylədim, Balıq bilməz, xaliq bilər, sən bilərsən.
Bəlkə, balıq tilovunun hayındadır, Canındakı alovunun hayındadır. Öz dəminin, plovunun hayındadır, Balıq bilməz, xaliq bilər, sən bilərsən.
Yük mənimdi, dərd mənimdi, dərman mənim, Əz də, döy də, vəl sənindi, xırman sənin. İstər öldür, istər yaşat, fərman sənin, Balıq bilməz, xaliq bilər, sən bilərsən.
İstər daş ol, istər dəmir, istər qaya, Yum gözünü ilahidən gələn paya. Yaxşılığı mən atmışam bir dəryaya, Balıq bilər, xaliq bilər, sən bilərsən. Bu gün görə bilmədiyin ucalığı, Zaman gələr zirvələrə tən bilərsən, Balıq bilər, xaliq bilər, sən bilərsən.