Səmərqənd aparıram
Sənələrlə can atdım Səmərqəndi görməyə, Telinə sığal çəkib saçlarını hörməyə. Nağıldan, əfsanədən qabaq yaranmış şəhər, Zamanın yelləriylə ruhu daranmış şəhər. Ayaqda dəmir çarıq, əlimdə dəmir əsa, gəldim yol basa-basa. Gəldim, gördüm, vuruldum. Daldım düşüncələrə, Zamanın nehrəsində Silkələndim ayıldım, çalxalandım, duruldum. Nələr danışdı mənə İşığın, təfəkkürün ilhamın gur şəhəri, Əmir Teymur şəhəri!
Göylərin yaratdığı salxım-salxım işıqdan, Yerlərin yaratdığı min cürə yaraşıqdan, Körpə dodaqlarının nurlu təbəssümündən, Nəğməli könüllərin dil-dil ötən simindən, Çəmənin çiçəyindən, çiçəyin ləçəyindən, Nazların şirinindən, qızların göyçəyindən, Nurani qocaların alnındakı qırışdan, Ulu sənət naminə min cürə axtarışdan, Ancaq Allaha bağlı örtülü sirdən, Memar əllərindəki ilahi bir sehrdən, Daşların tarixindən, tarixlərin yaşından, Qədim kitabələrin pozulmaz yaddaşından Burda naxış var, iz var. Dəniz boyda sevgi var, sevgi boyda dəniz var!
Həsrətli könüllərin, ağrıların, ahların, Haqsız axan qanların, tutulan günahların, Çıxarılan gözlərin, kəsdirilən başların, Hər damlası od olan gözdən axan yaşların, Döyüşən orduların, çarpışan əsrlərin, Əsirlər hesabına qurulan qəsrlərin, Taxt-tacı, bağ-bağçası, zindanı var, darı var. Hər daşda, hər divarda Teymur möhrü, imzası, Teymur yadigarı var!
Şəhərmi görməmişik, şəhər – nə qədər desən, Hər şəhərdə maraqlı əsər – nə qədər desən. Çoxdu dünyada şəhər, Ancaq onun heç biri qədim Səmərqənd deyil. Heç bir şəhər tarixə, Yaradana, Tanrıya Bir bu qədər bənd deyil. Səmərqəndin havası şəkər olub, qənd olub, Tanrı təcəllasına Allah özü bənd olub. Boylanıb üfüqlərə, qarışıb şəfəqlərə, Teymur bu şəhər üçün göyü endirib yerə. Aldığı şəhərlərin Çəkib yığıb bu yerə şirəsini, şəhdini, Allah da yardım edib, Yarıyolda qoymayıb sərkərdənin cəhdini. Baxsaydı qoca Hafiz bu şəhərin halına, Onu dəyişərdimi bir gözəlin xalına. Məqbərə – göy qübbəsi, türbə – eşqin əsəri, Nələrə qadir olub Bir qəlbin cəsarəti, bir qılıncın kəsəri. Vallah, dərinə getsə insan ağlı çaş qalar, Bir tağda, bir qübbədə Nə qədər ləl-cəvahir, nə qədər daş-qaş olar. Məğlub olan şahların varı – nə varsa burda, Dünyanın yaratdığı yarı – nə varsa burda. Zalımlıq da burdadı, zənginlik də burdadı, Sonsuzluq, əbədilik, ənginlik də burdadı. Dünyanın hər bucağı, şimalı, şərqi burda, Saysız xəzinələrin işığı, bərqi burda. Bu zənginlik içində mənim də öz payım var. Bu saraylar içində mənim də sarayım var.
Özümü axtarıram, tariximi gəzirəm Özüldə, bünövrədə, uca tağda, hörgüdə. Özümü axtarıram Bu sirli tamaşada, bu möhtəşəm sərgidə. Qədim abidələrdə Azərbaycandan gələn Neçə-neçə memarın qəlbinin qübarı var, əlinin qabarı var. Gözlərinin işığı, ürəyinin yağı var. Neçə sənət zirvəsi, neçə sənət dağı var. Hər tağın sığalında Yaşılında, alında Ərdəbil ilmələri, Təbriz naxışları var, Azərbaycan möhürlü ustad baxışları var. Burda axan suları içirdi sözlərimə, Şeriyyat qaynağını köçürdü gözlərimə. Bibixanım camesi, Şahi-Zində məscidi Öz mübarək ətrini Çilədi yollarıma, çilədi izlərimə. Türküstan ellərindən Gör neçə qədim şəhər, neçə kənd aparıram. Ruhumda, varlığımda anam Azərbaycana – Möcüzələr şəhəri Səmərqənd aparıram!
Səmərqənd, 2009, iyul