Səhnə
Min illərdi qış gələndə qar yağır, Min illərdi leysan yağışlar yağır. Yağıb, Yağır, yağacaq yenə!
Min illərdi güllər öpür şəfəqdən, Min illərdi, Günəş doğur üfüqdən. Doğub, doğur, doğacaq yenə!
Min illərdi şimşək pozur sükutu, Min illərdi torpaq sağır buludu. Sağıb, sağır, sağacaq yenə!
Min illərdi atmaq olmur həsrəti, Min illərdi işıq boğur zülməti. Boğub, boğur, boğacaq yenə!
Nə gördümsə, təzə heç nə görmədim, Yer üzündə hər nə varsa köhnədi. Bu qədimlik, bu köhnəlik içində, Dünya hər gün təzələnən səhnədi!