Səhər çağı açılarkən qovuşdu leylü nəhar
Səhər çağı açılarkən qovuşdu leylü nəhar, Üfüq açıldı, seçildi qoyun ilə canavar.
Yaşıl çəməndə sürü otlayırdı asudə, Hücum edib canavar onda qoymadı asar.
Açıb yerin beşiyin çərx min məhəbbətlə, Günəş uşağına oldu o dayətək qəmxar.
Günəş üfüqdə görüncək sitarə oldu nəhan, Necə ki, xanı görəndə ərəblər etdi fərar.
Fələk cəlallı o xan seydi-düşmən əzmilə, Külək kimi qanad açmış bir ata oldu səvar.
Ucaldaraq başı üstə zəfərli bayrağını, Sağü solunda qoşun cuşə gəldi bimiqdar,
Qoşunların tozu lütfilə sanki bir seyqəl, Apardı ayineyi-təb’i-dəhrdən o qubar.
Bəzəndi ruyi-zəmin ləşkərin vürudindən, Üz açdı sayeyi-lütfində, bax, gülü gülzar.
Edib də mərhəmət açdın dəri-kəramətini, Böyük, kiçik o qapından pay aldılar təkrar.
Ki nagəhan yola çıxdı hünərlə bir quzucuq, Üzündə nuri-lətafət, yürüşdə xoş rəftar.
Bir ol quzuydu ki, dövran Həməl qoyub adını, Günəş çatanda ona başlayar zamani-bahar.
Onun atası idi Ismayıl qurbanı Ki, töhfədir, deyə, göndərdi iyzədi-cəbbar.
O müşk tək ki, lətafət alıbdı səhradə, Tikan dibində bitən bir gül idi məstü xumar.
Qəza ki, hər kəsə eylər müqəddəratı əyan, Tək onda cəm’ qılıb hikmət ilə çox asar.
Şaha, gədayə fərəhdir beyin ilə dərisi, Sufi yunun arayar, həm ətini badəküsar.
Hamı bıçaq çıxarıb istəyər onu kəssin, O isə hər kəsə bir yaxşılıq gözüylə baxar.
Sevər, kimi görər isə o, nazlı dilbər tək, Özüysə aşiq olan tək həmişə xəstəvü zar.
Zəbani-hal ilə söylər ürəkdə min nalə Ki, ey cəlalı böyük, xani-asimanmiqdar,
Mənəm zəifü zavallı, doğulduğum gündən Fələk məni ələmə, dərdə eyləyibdi düçar.
Salıb məni bu yonulmaz ərəblər içrə qəza, Edib məni daha da natəvanü diləfgar.
Bu bədməzac cəmaət kobud və nacinsdir, Bütün əməlləri pisdir, nə dil bilir, nə də ar.
Hamısı əlbir olub etdilər xana üsyan, Hamısı dilbir olub da nifaqə verdi qərar.
Bütün fikirləri boşdur, xəyalları sərsəm, Yolu azıb da ediblər fəsadü fitnə şüar.
Aşıbdı borcları həddən, qalıbdı vergiləri, Fəqət ki, verməyə yoxdur olarda bir dinar.
Gah üz tutub qaçışırlar da Bəsrə ölkəsinə, Cəzayirə eləyərlər hamısı gahi fərar.
Inəkləri çox ağır yük daşırdı, axırda Qısır qalıb, baladan məhrum oldular naçar.
Qoyun, quzu üzülübdür tamam bu təfriqədən, Doğum və quyruq əlindən olubdular bizar.
Həmişə qorxu içində: necə keçər əhval, Həmişə dəhşət içində: nə vəqt çatar ilğar?**
O vaxt zülm olunurdu mənə, nəhayətdə, Yetişdi imdada ta ləşkəri-zəfərasar.
Bu gün də mən çəkirəm zillətin o şəxslərin, O şəxslər ki, mənə hey verirdi qəm, azar.
Əl atdı qarətə, ləşkər məni çox incitdi, Məni ata-anadan, eldən etdi böylə kənar.
Kimə yanaşdım isə qəsd qıldı qətlimə o, Qanıma təşnə olub coşdu ləşkəri-xunxar.
Gəlib hüzuruna xanın, ona sığındım ki, Dərimi soymaya bəlkə bu dəsteyi-qəddar.
Mənim günahım əgər düşmən ilə olmaqsa, Buna ki, yüz dəfə etdim üzürlə istiğfar.
Kəsib əlaqələri bu sürüdə itlər ilə, Keçi sifətli ərəblərdən olmuşam bizar.
Edib də xof deyərdim: “Mən onları sevirəm”, Bu qorxu keçdi, indi eylərəm inkar.
Qoy olsun Hafizə, Mənsurə indi min lə’nət, Yox olsun indi tamam ol Rəbiyyeyi-qəddar.
Müşə’şə’ əhlinə olsun cahanda min lə’nət Ki, onların işidir eyləyən Rəbiəni xar.
Şükür ki, həzrəti-Xanın ətası, mərhəməti Xilas etdi məni bu bəladən, ömrüm var.
Ədalət ilə bu dünyada ey tapan şöhrət, Hamı sənin bu böyük ədlinə edir iqrar.
Belə olub ki, sənin ədlinin şüasində, Qoyunlara kömək olsun o rəhmsiz canavar.
Kim aciz olsa, ona sən həyansan hər işdə, Təbibi sənsən əgər olsa xəstəvü bimar.
Nə qorxusu olacaqdır o ləşkərin ki, bu gün Olub sənin kimi bir şəhsüvar ona sərdar.
Bəzəndi fəthlər ilə sənin bu xoş bəxtin, Necə ki, rəngbərəng güllər ilə fəsli-bahar.
Bir həbbə üstə hüdudsuz niza’ edən şəxsin, Tutub da aldın əlindən nə qədr dövləti var.
Bu güclü bəxtini dünyadə bilməyən hər kəs, Əzəldə cəhli üzündən olar sənə əğyar,
Çəkib xeyirsiz əziyyət, nəticəsiz zəhmət, Axırda hökmünə qul tək boyun əyər naçar.
O təblinin səsi ilə oyandı cümlə cahan, Cəzayir əhli bütün oldu xabdan bidar.
Qəzəb camındın içərkən sənin bir az Hafiz, Fikirlərilə bərabər yox oldu ol əşrar.
Yananda bayrağının şö’ləsi səmalərdə, Ucaldı, gör ki, Müşə’şə’də bərqi-şö’leyi-nar.
Nə Vasit ölkəsi, yainki Lor ərazisi, Cəvizə, Şüştərə də çatmış oldu bu əxbar.
Fələklərə ucalan, ey cəlallı sərkərdə, Pənahimiz sən özünsən, bizə gəl ol dildar.
Füzuli mədh qılar daima kərəm əhlin, Səni də tə’rif üçün dil açıb o sən’ətkar.
Nə qədr dünyada vardır bu çöl, bu dağ, bu çəmən, Nə qədr ki, yer üzündə öküz, qoyun, quzu var,
Yox olmasın başın üstündən heç də sayeyi-həq, Həmişə taleyin olsun kömək və bəxtin yar.
* * *
Lüğət: Leyl – gecə; Fərar – qaçmaq; Xan – süfrə, karvansara; Seyd – ov, şikar; Təb – qızdırma; Dəhr – zaman, dünya, aləm; Zəmin – asiman – yer-göy; Zar – sızıldayan, ağlar, zəif; Zəban – dil; Natəvan – gücsüz, zəif; Diləfgar – könlü yaralı; Dil – ürək; Bala – yüksək; Kənar – qucaq, ağuş; Xar – çox möhkəm daş, mərmər daşı; Qədr – dəyər, qiymət, məziyyət; Əhli – raz – sirr əhli, sirdaş; Bidar – zülm, təcavüz; Bərq – şimşək