SƏFA HAQQINDA
Açıl ey dil ki, novruz oldu, həngami-səfa gəldi, Açıldı qönçələr, güllər, bəhari-dilgüşa gəldi, Çəmən səhnində çak oldu yenə pirahəni-Yusif, Züleyxa bəzmitək gülzarə yüz zövqü səfa gəldi. Bihəmdüllah, qurtardıq ol zimistan macərasından, Yetişdi mahi-fərvərdin, bu fəsli-canfəza gəldi! Tərəşşöh qıldı baran əbrlərdən səbzəzar üstə – Ki, guya Xızr üçün zülmatdən abi-bəqa gəldi. Uzandı ruz şəbdən, nur oldu zülmətə qalib, Çəməndən zağ getdi, bülbüli-dəstansəra gəldi. Səfərdən gəldi gül, qıldı çəməndə feyzlər zahir, Bu həm bir feyzi-digər kim, o yari-dilrüba gəldi. Məhəmməd nuri zahir oldu güntək kainat içrə, Ziyalansın gözüm kim, aləmə nuri ziya gəldi. Gəl, ey ol Kəbeyi-didar üçün həsrət qalan könlüm, Dolan başinə, qurban ol ki, həngami-fəda gəldi! Bahar oldu, açıldı lalə, gəldi yari-gülruyim, Bu gəlməkdən dili-bimarıma yüz min şəfa gəldi, Gəl, ey mahım ki, sənsiz oldu zülfüntək günün qarə, Gəl, ey şahım ki, sənsiz başıma yüz min bəla gəldi! Açılsın, feyzə yetsin, giryədən bu kur olan çeşmim – Ki, xaki-məqdəmindən ol nigarın tutiya gəldi. Bu gün Şirvanə bir gün doğdu kim, görcək təcəllasın, Fələkdən, həm mələkdən yüz sədayi-mərhəba gəldi. Dili-məcruhə yetdi, şükrlillah, aqibət məlhəm, Şikəstə üstüxanımçün bu gün ol mumiya gəldi. Gədalıqdan qutardım, padşahi-ruzgar oldum – Ki, başım üzrə həqdən sayeyi-bali-hüma gəldi. Göründü zülfi-ənbərtarı ol ahunigəh şuxün, Açıldı Çin qatarı, nafeyi-dəşti-Xəta gəldi. Tərəhhüm qıl, həbibim, kəsmə lütfün aşinalərdən – Ki, sənsiz başımə biganələrdən çox bəla gəldi. Sürüdum naləvü əfğan, şərabım oldu göz yaşı, Nələr çəkdim gör, ey gül, başıma yüz min xəta gəldi! Xəyali-kakilü zülfünlə kim, hər canibə baxdım, Biyaban oldu könlüm, çeşmimə aləm qəra gəldi. Həvayi-kakilü zülfünlə düşdüm özgə sövdayə, Olub divanə hərdəm başimə yüz macəra gəldi. Məbada inciyə tuli-süxəndən ol pəri, Seyyid, Yetir itmamə kim, bu şeri, hatifdən nida gəldi!