Əsas məzmuna keç

Qəsidə

Səbr hər dərdə mürur ilə müdava eylər

Məhəmməd Füzuli

1

Səbr hər dərdə mürur ilə müdava eylər, Sahibi-səbr bulur hər nə təmənna eylər.

Dövrdən dəhrdə hər məqsədə bir möv’id var, Vəqtsiz gərçi ona təb’ təqaza eylər.

Yetmədən vəqt, muradını təqaza qılmaz, Hər mühəqqiq ki, xəbirəm deyü də’va eylər.

Rəsmi-dövrani-fələkdir bu kim, əhli-tələbi Neçə gün heyrəti-hirman ilə iyza eylər.

5 Surəti-şahidi-iqbali qəbul etmək üçün, Qaliba ayineyi-təb’i mücəlla eylər.

Talibin dövri-sipehr ilə müxalif rəvişi Üqdələr rişteyi-əhvalına peyda eylər.

Zaye olmaz, irişir məqsədinə, səbr qılıb Kim ki, dəhr ilə mədarində müdara eylər.

Dövr bihudə degil, hər nə müqəddər olsa, Ona tədric ilə əsbab mühəyya eylər.

Hiç məxluqdə yox qüdrəti-iycadi-ümur, Hər nə eylər əsəri-qüdrəti-mövla eylər.

Qılmasa lütfi-həqü dövləti-tövfiq mədəd, Zəhri zənbur qaçan şəhdi-müsəffa eylər.

Mən kimi zarə nə nisbət şərəfi-neyli-murad, Lütfi-həqdir ki, məni məqsədə ehda eylər.

Ey könül, kəsmə tələb badiyəsindən qədəmin Ki, tələb rütbeyi-iqbali müəlla eylər.

Leyk hal əhlinə izhar edə gör dərdi-dərun, Xəstə əhvalını mə’lum ətibba eylər.

Əkməli-xəlqdən istə şərəfü rif’ət kim, Qürbi-ədna həvəsi, rütbeyi-ədna eylər.

Gərçi surətdə şəriki-bəşəriyyət çox olur, Dərki-əsrari-həqiqət dili-dana eylər.

Az olur qabili-idraki-rümuzi-mə’qul, Sanma hər xaki qəza alimi-əsma eylər.

Müstəiddi-şərəfi-rif’ət olan nadir olur, Sanma hər abi həva lö’löi-lala eylər.

Çox olur gərçi məadində cəvahir sinfi, Padişəh ziyvəri-əfsər, düri-yekta eylər.

Saidi-ədldədir qüvvəti-icadi-nizam, Ərzi-icazi-nübüvvət yədi-beyza eylər.

Pənceyi-əzmdədir qüdrəti-islahi-fəsad, Sehr dəf’in mədədi-mö’cizi-Musa eylər.

Nəzmi-dünya səbəbi-səltənəti-üqbadır, Ə’dəli-xəlqini Həq nazimi-dünya eylər.

Artırıb surəti-halinə kəmali-mə’ni, Surəti mə’ni ilə cümlədən ə’la eylər.

Mücməla həzrəti-paşayi-fələkqədr kimi, Aləməfruz qılır, məmləkəttara eylər.

Ol zəki-təb’ ki, divani-xilafət hökmün Rüb’i-məskunə onun diqqəti icra eylər.

Ol səxapişə ki, bir dəmdə qılır sərfi-gəda, Hər nə yüz ildə əyan mə’dənü dərya eylər.

Sayeyi-rə’yəti-iqbali yetən yerlərdə, Ruzigarini ədunin şəbi-yelda eylər.

Ərseyi-rəzmdə hər dəm ki, qılıb meyli-qəza, Cümləsin üqdəgüşayi-səfi-hica eylər.

Dağıdır tiğ ilə tərkibi-ədu əczasın, Leyk hər cüz’i onun layətəcəzza eylər.

Şəbi-hicadə ki, səyyareyi-peykani ilə, Səri-xəsmini qəza övci-Sürəyya eylər.

Zəxmi-təndən açuban ruhi-müxalif rövzən, Çıxub ol övci-Sürəyyayə təmaşa eylər.

Mədədi-rə’yi zəmiriylə gəlür fe’lə müdam, Lövhi-qüdrətdə qəza hər nə ki, inşa eylər.

Ləfzi-pakindən edər hüsni-ibarət kəsbin, Fələk əhkami-qədərdən nə ki, imla eylər.

Aləmi eyləsə bir zati-müşəxxəs təqdir Xaki-payini onun dideyi-bina eylər.

Şöhrəti-ismi yetər şahidi-hüsni-əməli, Əhli-Həq ismdən idraki-müsəmma eylər.

Ey ki, əhli-nəzərə nasiyeyi-iqbalin Səltənət nurini hər ləhzə hüveyda eylər.

Səndə mövdu’dur əsrari-xilafət gənci, Əhli-idraki süvar vaqifi-mə’na eylər.

Mümkün olmaz ki, ola nəzmi-cəhan rə’yinsiz, Surəti-kövn qaçan tərki-həyula eylər.

Rövzeyi-xaki-dərin baği-güli-cənnətdir, Kim ki, cənnət dilər, ol rövzədə mə’va eylər.

Müttəsil gərçi niyaz ilə dutub damanın, Tiğ səndən tələbi-kəsrəti-ə’da eylər.

Cilvəgahi-əməlin məsnədi-əmniyyətdir, Əsəri-rif’ətin ə’dayi əhibba eylər.

Mari təhdidi-əzabi-qəzəbin mur qılır, Pəşşəyi tərbiyətin izzilə ənqa eylər.

Övliya bürcünə yetdi qədəmin, şək yox kim, Xaki-pakindəki əmvatini əhya eylər.

Ey xoş ol məqbərə kim, bulmağa əmvati həyat, Onu tövfiq güzərgahi-Məsiha eylər.

Sərvəra, samit ikən ləzzəti-mədhin zövqi Tutiyi-nitqi-Füzulini şəkərxa eylər.

Eylə kim, fəsli-xəzan bülbüli lal etmiş ikən, Şövqi-nəzzareyi-gül zövq ilə guya eylər.

Cani-məhcurinə rahət yetirər didarin Çəməni səbzi-bəhari fərəhəfza eylər.

Ziyb mədhindən alur ləhceyi-nahəmvarim, Xari mərğub cəmali-güli-rə’na eylər.

Gərçi saxlardı nihan nəzmimi bəxti-siyəhim, Sənə yetdikcə nə kim var isə ifşa eylər.

Dutalım sətrdir əyanə, hicabi-zülmət, Xizrdən abi-həyati necə ixfa eylər.

Davəra, böylə zamanlardakı ədlin əsəri Çareyi-dəf’i-qəmi-hər dili şeyda eylər.

Əhli-irfanə kəmali-kərəmin hər saət Lütflər zahir edib, meyli-mühaba eylər.

Nə rəvadır bu ki, peyvəstə sipahi-qəmü dərd Könlümün mülkini bivasitə yəğma eylər.

Mən nihan xaneyi-üzlətdə ikən fəqr mənim Kəşfi-əsrarim edib aləmə risva eylər.

Hər zaman xəlq mənə qılmağa itlaqi-cünun, Məni ənduh sərasimeyi-sevda eylər.

Bu bəladən kimə izhari-şikayət qılayım, Hər kimə zülm keçibdir, sənə şəkva eylər.

Vaqifi-sirri-süxən kimsənə yox səndən qeyr, Sən əgər eyləməsən, kim mənə pərva eylər?

Var ümidim necə kim, mübdii-asari-vücud Sərfi-təqdir qılıb xilqəti-əşya eylər,

Ola baqi əsəri-mə’dələtin kim, daim Əsəri-zülmdən afaqi-mübərra eylər.

* * *

Lüğət: Dəhr – zaman, dünya, aləm; Təb – qızdırma; Əhli – raz – sirr əhli, sirdaş; Hirman – məhrumiyyət; Şahid – gözəl; şəhadət verən; Talib – tələb edən; rəğbət göstərən, istəyən; Sipehr – göy, səma; Rəviş – gediş, yeriş; Üqdə – düyün; Peyda – zahir, aşkar olmaq; Müqəddər – insanın alnına yazılmış tale; Şəhd – saf bal; Əkməl – daha mükəmməl, nöqsansız; Qürb – yaxınlıq; Əsrari – nihan – gizli sirlər; Dili – tirə – qaranlıq könül, tutqun könül; Dana – alim, bilici; Qabil – qabiliyyətli, ağıllı; Xaki – tirə – qara torpaq; Abi – rəvan – axar su, çay; Əfsər – tac; Nübüvvət – peyğəmbərlik; Yədi – beyza – bacarıqlı əl; Nazim – düzən, tərtib edən, mənzum əsər yazan, şair; Aləməfruz – dünyanı işıqlandıran; Şəbi – tarix – qaranlıq gecə; Rəzm – müharibə, dava; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Tiğ – qılınc; Peykan – oxun ucundakı dəmir; Xəsm – düşmən; Övci – hüsn – gözəlliyin yüksək zirvəsi; Zəxm – yara; Rövzən – baca, pəncərə; Hüsni – göftar – söz gözəlliyi X; İbarət – ibarələr; Əhkam – hökmlər; Təqdir – olacaq şeyin Allah tərəfindən qabaqcadan müəyyənləşdirilməsi; bəyənmək, qədrini bilmək; Əməl – arzu; iş; Dur – uzaq; Əsrar – sirlər; Gənc – xəzinə; Vaqif – xəbərdar; Kövn – dünya; Güli – rə’na – qırmızı rəna çiçəyi; Məsnəd – məqam, müqəyyəd, dərəcə; Təhdid – qorxutmaq; Mur – qarışqa; Ənqa – Simurğ quşu; Əmvat – ölülər; Sərvər – başçı; Didar – üz, camal, görüş; Səbz – yaşıl; Mərğub – rəğbətli, yaxşı; Hicab – pərdə; utanma; Peyvəstə – arası kəsilmədən; Sipah – qoşun; Üzlət – yalqız yaşamaq; Cünun – dəlilik Ç; Süxən – söz; Pərva – qorxu, kömək; Baqi – həmişəlik, qalan, daimi; Afaq – üfüqlər

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.